Yatmaq istəyiriksə, ruhu sakitləşdirmək gərəkdir - İsmayıl Rafiqoğlu yazır
25.04.2020 08:09 Fikirlər

Yatmaq istəyiriksə, ruhu sakitləşdirmək gərəkdir - İsmayıl Rafiqoğlu yazır

Şəbəkə istifadəçiləri məşhur həkim və televiziya aparıcısı, “doktor Komarovski” adı ilə tanınan Yevgeni Komarovskinin internet videolarında yuxusuzluğa qarşı universal metodun olduğunu aşkarlayıblar. “YouTube” kanalı vasitəsi ilə sağlamlıqla bağlı məsləhət verən həkim çoxlu sayda təşəkkür məktubu aldığını bildirib. İstifadəçilər onun səsinin yuxuya getməyə yardım etdiyini deyirlər.

Gündüz yatmaq imkanı yarandığından axşamın da şirin yuxusu ərşə çəkilir

İstifadəçilərdən aldığı məktublar Komarovskini çox təəccüblənidirib. Həkim səsində belə bir effektinin olduğunu bilmirmiş. “Mənim səsim komandamda çalışan əməkdaşları daha çox gümrah olmağa sövq edir. Mən artıq uşaqlar üçün nağıl silsiləsi hazırlamağı ciddi düşünürəm”, - deyə Komarovski bildirib.

Yuxusuzluq dünyada ən çox müzakirə edilən mövzulardan biridir. Koronavirusla bağlı aparılan “Evdəqal” kampaniyası və karantin dövrü bu problemi daha da aktuallaşdırıb. Aktiv həyat tərzindən məcburi imtina etməyə məcbur olan vətəndaşlar bir tərəfdən fiziki yükdən azad olmağa, digər tərəfdən isə hər günü dörd divar arasında yeyib-yatmaqla keçirməyə məhkumdurlar. Adi vaxtda ailə üzvlərinin ünsiyyət problemi olurdusa, artıq kiçik bir mənzili rasional bölüşdürmək məsələsini həll etmək lazım gəlir. Evdə internet üstündə belə stres vəziyyəti də yaranır. Birinə internet iş üçün, digərinə isə əylənmək üçün lazımdır.

Xətlər yüklənib deyə razılığı gəlmək də mümkün olmur. Gündüz yatmaq imkanı yarandığından axşamın da şirin yuxusu ərşə çəkilir. Böyük mənada yuxusuzluğun bir çox səbəbi var. Ağır halları kənara çıxsaq, normalda yuxunu qaçırdan səbəblər hansısa problemin mövcudluğu, bununla bağlı yaranan diskomfort, işdən evə gətirilən stres və həlli tapılmayan məsələlərdir. Nə qədər çalışsaq da, yataqda elə hey yerimizdə fırlanırıq. Yata bilmirik, fikirlər beynimizdə fırlanır.

Yatmaq istəyiriksə, ruhu sakitləşdirmək gərəkdir - İsmayıl Rafiqoğlu yazır

Maraq itirsə, beyin sönür, insan yuxulayır

Problem nə qədər ciddidirsə, yatmaq bir o qədər çətin olur. Elə Komarovskinin səsinin yuxugətirici effekti də yerində lazım olub. Diqqəti yayındırıb, yuxu gətirib. Gecə yerimizə girəndə bəzən nəyə baxmağımız da əhəmiyyətlidir. Yatmaq istəyiriksə, iki-üç növ kontentdən uzaq durmalıyıq. Əgər uzun sürən, maraqlı süjeti olan, emosional sferaya təsir edə biləcək bir filmə baxırıqsa, deməli, ən azı 2-2,5 saat yata bilməyəcəyik. Axı filmin sonuna çıxmalıyıq, daha sonra isə qıcıqlanmış əsəb sisteminin sakitləşməsinə də bir qədər zaman tələb olunacaq. Yerimizə girərkən belə filmlərdən uzaq durmaq lazımdır, ən azı zamanı bir qədər qısa olan kontent seçməyinə dəyər, emosional gərginlik isə heç lazım deyil.

Bu baxımdan 45-50 dəqiqəlik serial daha məsləhətdir, amma bir seriyadan artıq baxmayasan gərək. Musiqi, sənədli film, qısa süjetlər də yarayar, amma elə də maraq doğurmamalıdır. Monoton səslə ötürülən istənilən xəbər, informasiya yaxşı yuxu gətirir. O qədər də sevmədikləri bir müəllimin leksiyasında yuxulayan tələbələr bu faktı təsdiqləyir. Maraq itirsə, beyin sönür, insan yuxulayır. Bəzən məğzini yaxşı bilmədiyimiz mövzuda nəsə dinləyəndə də yuxulayırıq. Darıxdırıcı bir tədbirdə yatan o qədər insan tapılır ki.

Heç nə anlamayan beyin “sönməyə” başlayır, şirin yuxu gəlir

Yuxusuzluqla mübarizədə ən effektli yollardan biri də xarici dil öyrənməkdir. Deyək, ingilis dilini öyrənən birisi yuxusuzluqdan əziyyət çəkirsə, deməli, bu dildə bir maraqsız, darıxdırıcı filmə baxmalıdır. Heç nə anlamayan beyin 15-20 dəqiqədən sonra “sönməyə” başlayır, şirin yuxu gəlir. Amma dili öyrənməkdə də bir irəliləyiş duyulur. Bir müddət sonra anlamaq səviyyəsində xeyli uğur qazana bilərik. Öyrəndiyimiz xarici dildə musiqi dinləmək, qısa süjetlərə də baxmaq olar. Bir tərəfdən zövq alırıq, digər tərəfdən isə dil öyrənirik.

Əgər uşaqları yatızdırmaq problemi varsa, gecə gözəl bir səslə nağıl oxumaqdan yaxşı bir şey yoxdur. Uşaqlar nağılı çox sevir deyə tez yuxuya gedirlər. Əsas uşağın gecə evdə çapmasının qarşısını almaqdır, bir qədər yataqda uzandısa, nağılı dinlədisə, bəs edir. Bəzi hiperaktiv uşaqları elə bir məkanda otuzdurmaq yuxuya getməyə zəmin yaradır.

Yuxusuzluğa qarşı mübarizədə çox metod var. Yerinə girməzdən qabaq bir qədər yoqa ilə məşğul olmaq, duş qəbul etmək, dua oxumaq da yaxşı kömək edir. Yatmaq istəyiriksə, ruhu sakitləşdirmək gərəkdir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm