Yaxın günlərdə daha 25-30 milyon vaksin gətiriləcək - Ərdoğan - <span>VİDEO</span>
14.01.2021 20:42 Dünya

Yaxın günlərdə daha 25-30 milyon vaksin gətiriləcək - Ərdoğan - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankara Şəhər Xəstəxanasında koronavirus (COVİD-19) əleyhinə peyvənd olunub.

"MediaPost" xəbər verir ki, peyvəndin vurulmasından sonra jurnalistlərin qarşısına çıxan ölkə prezidenti ilk təəssüratlarını media əməkdaşları ilə bölüşüb.

Prezident bildirib ki, hazırda onunla birlikdə Ədalət və İnkişaf Partiyasının Mərkəzi Qərar və İdarə Məclisinin toplantısında iştirak edənlərin vaksinasiya prosesi davam edir.

 “Bütün partiya liderlərini, cəmiyyətin öndə gedən şəxslərini bizim nümunəyə dəstək olub, vaksinasiyadan keçməyə çağırıram. Burada çətin heç nə yoxdur. Beş dəqiqəyə vaksin vurulur, 15 dəqiqə istirahət edirsən. Ondan sonra sərbəstsən”, - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, qısa zamanda bütün Türkiyə vətəndaşlarının peyvənd olunması hədəflənir. Bundan əlavə, Ərdoğan qeyd edib ki, yaxın günlərdə daha 25-30 milyon vaksinin gətirilməsi planlaşdırılır.

Türkiyə prezidenti bugünədək koronavirusdan ölənlərə Allahdan rəhmət diləyib. Ərdoğan koronavirusla mübarizə aparan həkimlərə təşəkkürünü də çatdırıb.

Xəbərlər şöbəsi

Gündəm