ABŞ-İran gərginliyi regiona necə təsir edəcək? - ŞƏRH
03.01.2020 18:00 Fikirlər

ABŞ-İran gərginliyi regiona necə təsir edəcək? - ŞƏRH

İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Qüds” qanadının komandanı general Qasim Süleymaninin öldürülməsi dünya mediasının əsas gündəminə düşüb.

Artıq İran və ABŞ tərəfi hadisəni təsdiqləyib və tərəflər qarşılıqlı şəkildə bir-birini hədələyirlər.

Yaşanan hadisəyə ABŞ-da münasibətlər birmənalı deyil. Hadisənin Trampın göstərişi ilə baş verdiyi açıqlanıb, lakin Konqres onlara bu barədə heç bir məlumatın verilmədiyi bildirir:

"Bu kimi ciddi məsələlərin Konqresi cəlb etmədən həyata keçirilməsi hüquqi cəhətdən suallar doğurur, hakimiyyətin bərabər qolu olaraq Konqresin səlahiyyətlərinə qarşı etinasızlıqdır”.

Senatorlar isə öz növbəsində Trampı ABŞ-ı yeni müharibəyə aparmaqda günahlandırırlar.

Yaxın Şərqdə yeni dövr - ABŞ-la İran müharibə astanasında

Mövzu ilə bağlı "MediaPost"-a açıqlama verən beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, birbaşa əməliyyatın detallarını ABŞ prezidentinin yayması kifayət qədər diqqətçəkən məqamdır:

"Düşünürəm ki, bu hadisə Trampın reytinqinə müsbət təsir göstərəcək. Çünki Birləşmiş Ştatlar və Avropada ümumi anti-İran əhval-ruhiyyəsi yüksək səviyyədədir. ABŞ-da insanlar arasında bu hadisə düşmən üzərində qazanılmış növbəti qələbə kimi qiymətəndirilə bilər. ABŞ-da məlum məsələdir ki, prezident seçkilərinə çox az bir müddət qalıb. Trampın impiçment məsələsi hələ də qüvvədədir. Bu məsələ gündəmə gəldikdən sonra Trampın reytinqinin artırılması ilə bağlı süni də olsa, bir sıra tədbirlər görülür. Və bu da onlardan biri idi. Məncə, bu yaşanan hadisə Trampa müsbət anlamda reytinq qazandıracaq. Çünki İran məsələsi Birləşmiş Ştatların xarici siyasəti üçün qırmızı xətt təşkil edir. İran Yaxın Şərq regionunda neft bölgəsi uğrundakı amansız savaşda əsas rəqibdir. Bu baxımdan da hazırki izlənən siyasət Trampın da seçkilərdən üzü ağ çıxmasına səbəb olacaq”.

Ə.Əlibəyli bu hadisənin bir neçə gün öncə ABŞ səfirliyinə edilən hücumla da əlaqəli ola biləcəyini qeyd edib:

“Digər bir məsələ ondan ibarətdir ki, iki gün əvvəl Bağdadda ABŞ səfirliyinə hücum oldu. İran tərəfindən dəstəklənən “Həşdi-Şabi” qruplaşması Bağdadda belə bir akt həyata keçirdilər. İran tərəfi məhz həmin addımla Birləşmiş Ştatlara özünün Yaxın Şərq regionunda böyük oyunçu olduğunu nümayiş etdirdi. Bu da onu göstərdi ki, İraq, Suriya, Yəmən, Livan və digər yaxın müsəlman ölkələrində şiə qruplaşmaları İran tərəfindən koordinasiya olunur və çox böyük gücə malikdir. Səfirliyə edilən hücumdan sonra məlum idi ki, Amerika tərəfi hansı addımları atacaq. Həmin addım da İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin komandiri Qasım Süleymaninin öldürülməsi oldu. Və Süleymaninin öldürülməsi ABŞ-la İran arasındakı onsuz da gərgin olan münasibətləri yeni fazaya daxil etdi. Artıq hər iki tərəf açıq qarşıdurma müstəvisinə keçəcək. Yəqin ki, bundan sonra bölgədə Birləşmiş Ştatların himayə etdiyi dövlətlər, təşkilatlar, “Həşdi-Şabi” və digər şiə qruplaşmalarının bu ərazilərə qarşı böyük hücum əməliyyatlarının şahidi ola bilərik. Mən hesab edirəm ki, bu və ya başqa formada təkcə İraqda yox, elə Suriya və Amerika ilə İranın toqquşduğu digər nöqtələrdə də qarşılıqlı şəkildə zərbələr endiriləcək”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm