“Yaxşı olar ki, yerli iş adamları regionlarda ekonom büdcəli hotellərin açılmasında maraqlı olsunlar” – Ekspertdən ŞƏRH
Fəslindən, zamanından aslı olmayaraq heç birimiz istirahətə, tətilə yox demərik. Bizə mane olan səbəblərsə ya qiymətlərin bahalılığı, ya da xidmət səviyyəsi olur. Azərbaycanda Nar, Sitrus, Xurma festivalları artıq bir neçə ildir keçirilir. Belə mədəni tədbirlərin sayı nə qədər çox olsa, aqroturizmin inkişafına xidmət etmiş olar. Regionlara gəzməyə gedənlərin sayı çoxaldıqca, hotellərin, qonaq evlərinin az olması problemi üzə çıxır.
Turizm məsələləri üzrə ekspert Əziz Şiriyev mövzu ilə əlaqədar MediaPost-a öz fikirlərini bölüşüb.
Ekspertin sözlərinə görə, regionlara nəzər salsaq, hotellərin də, təkliflərin də sayı azdır: “Paytaxtda yetəri qədər hotellərimiz var. 10 il əvvələ nəzər salsaq, hotellərin sayı bu qədər deyildi.
Yerli iş adamları turizmi artıq gəlirli bir sahə kimi görürlər. Bu da yaxşı haldır. Amma regionlara nəzər salsaq, hotellərin də, təkliflərin də sayı azdır. Elə regionlarımız var ki, 1-2 hotel var. Çox istərdik ki, yerli iş adamları həmin regionlarda qonaq evləri, ekonom büdcəli hotellərin açılmasında maraqlı olsunlar. Yerli iş adamları bunu etsələr, xərcləri daha az olacaq. Əgər paytaxtdan və ya xaricdən işçiləri cəlb ediriksə, bu xərc sonda turistin cibindən çıxacaq. Həm də yerli camaat üçün iş yerləri olacaq. Bu o demək deyil ki, digərləri investisiya etməməlidir. Regionlarımız həmişə bunun üçün açıqdır. Bunun üçün də hansısa təkliflərin və proqramların olması vacibdir. Subsidiyaların verilməsi, onlarda maraq oyatması üçün maddi dəstək mütləq lazımdır”.