Yazıçıdan etiraz: "Bu, dilimizə, kökümüzə olan hörmətsizlikdir"
31.01.2020 12:42 Cəmiyyət

Yazıçıdan etiraz: "Bu, dilimizə, kökümüzə olan hörmətsizlikdir"

"MediaPost" xəbər verir ki, bu sözləri tanınmış yazıçı Rövşən Abdullaoğlu sosial media hesabında bildirib.

Argentinaya səyahət edən yazıçı bildirib ki, orada demək olar, bütün müəssisələrdə öz dillərində danışır, gələn turistləri də buna məcbur edirlər.

Vəziyyəti Azərbaycanla müqayisə edən R.Abdullaoğlu əksinə, ölkə daxilindəki şirkətlərdən telefonuna gələn mesajların belə, yalnız ingilis dilində olmasına etiraz edib.

"Argentinada aeroportdan tutmuş, çöldəki afişa, restorandakı menyulara qədər öz dillərindən istifadə edirlər. Burada ingilis dilində danışmağı bacaran adam tapmaq çox çətindir. Mən də onların dilində olan ibtidai ifadələri öyrənməyə məcburam. Nəticədə ölkəyə gələn turist bu dildə müəyyən anlayışa sahib olur. Gözəl yanaşmadır!" - deyə bildirib.

R.Abdullaoğlu onu da əlavə edib ki, təəssüflər olsun, Azərbaycanda işə götürən zaman da xarici dildə yaxşı bilənlərə üstünlük verilir:

"Onu əsas gətirirlər ki, xaricə inteqrasiya etmək lazımdır. Bunun adını müasirlik, dünyəvilik kimi bəzəmək mümkün deyil. Bu sadəcə olaraq öz dilimiz, mədəniyyətimiz, kökümüzə olan hörmətsizlikdən irəli gəlir. Öz dillərində danışan ölkələrə də turistlər gəlir. Yəni bu, turist axının qarşısını almır. Kiminsə xoşuna gəlmək üçün əcnəbi dildə öyrənmək lazım deyil. Və insanlarımızı buna məcbur etməməliyik. Ölkəmizdə elə bir şərait yaradılmalıdır ki, əcnəbilər dilimizi öyrənmək zərurəti hiss etsinlər".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm