Yazmağı bacarmayan, məktəbi qadağan edən prezident
12.02.2020 13:20 Fikirlər

Yazmağı bacarmayan, məktəbi qadağan edən prezident

O, məktəbləri, kitabxanaları bağladır, ziyalılara nifrət edir, bütün fərqli fikirləri qanda boğurdu. İnsanlardan onu tanrı hesab etmələrini istəyir, kilsələrdə öz portretlərini asdırır, dövlətin xəzinəsini çarpayısının altında saxlayırdı. Söhbət, Ekvatorial Qvineyanın keçmiş prezidenti, tarixin ən qəddar diktatorlarından olan Fransisko Masias Nqema Ndonqdan gedir.

"MediaPost" xəbər verir ki, yerli sakinlər ona həm nifrət edir, həm də ondan hədsiz dərəcədə qorxurdular. Onlar Fransiskonun cadugər olduğuna inanırdılar. Hesab edirdilər ki, öləndən sonra da dirilib onlardan qisas alacaq...

Məktəbə olduqca həvəssiz gedən Fransisko artıq birinci sinifdən dərsləri buraxmağa başlamışdı. Nəticədə yalnız hecalarla oxumağı öyrənmiş, yazmağı isə ömrünün sonuna qədər bacarmamışdı. Lakin savadsızlıq onun başdöndürən karyera qurmasına mane olmadı.

Yazmağı bacarmayan, məktəbi qadağan edən prezident

İSPANLARIN "KUKLA"SI...

Ekvatorial Qvineya İspaniyanın müstəmləkəsi altında olanda 36 yaşlı Fransisko mer seçilir. İspanlara qarşı loyallığı rəhbərliyin onun savadsızlığına göz yummasına səbəb olur.

8 il sonra müstəmləkə illəri başa çatır və Fransisko Masias Nqema Ekvatorial Qvineyada prezident (1968-1979) kürsüsünə əyləşir.

İlk vaxtlar ispanlar Fransiskonu öz "kukla"ları sayır və onun hakimiyyətin başına gəlməsindən narahatlıq keçirmirdilər. Lakin onlar bu cür düşünməklə nə qədər yanıldıqlarını təsəvvür belə, edə bilməzdilər.

Prezident postunu tutan kimi Fransiskonun ilk fərmanı yadelli işğalçıların "xalqın düşməni" elan edilməsi olur. İspanlara qarşı hücumlar və sistemli təqiblər başlayır.

Onları gecənin ortasında küçəyə çıxarır, ən yaxşı halda, sadəcə döyür, ən pis halda, öldürürdülər. Qorxu içində yaşayan keçmiş müstəmləkəçilər dəbdəbəli evlərini və böyük əkin sahələrini tərk edərək ölkədən qaçmağa məcbur qalırdılar. İspanlara kömək etməyə çalışanlar isə xüsusi qəddarlıqla cəzalandırılırdı.

Ölkədə ən iri məmurlar, hətta nazirlər belə, bir gecədə yoxa çıxırdı. Bir müddət əsas vəzifələri prezidentin çoxsaylı qohumları tuturdu. Lakin ən kiçik cinayətə və ya sadəcə, çəp baxdıqlarına görə onlar da edam edilirdi.

NAZİR DƏ ÖZÜ İDİ, BANK MÜDİRİ DƏ...

Nəticədə Fransisko nazir vəzifələrini də özü tutmağa başladı. 1973-cü ildə yeni konstitusiyada deyilirdi ki, Fransisko Masias Nqema prezident kürsüsündə əbədi oturacaq. Diktator öz kapriz və istəklərini həyata keçirmək üçün bütün gücü öz əlində cəmləşdirmək istəyirdi.

Nqema ölkədə mövcud olan yeganə banka da özü rəhbərlik edirdi. Əvvəl dövlətin xəzinəsi orada saxlanılırdı. Sonradan prezident qərar verdi ki, pulları evində saxlamaq daha etibarlıdır.

Yazmağı bacarmayan, məktəbi qadağan edən prezident

O, xəzinənin yarısını çarpayısının altında saxlayırdı. Yarısını isə oğrulardan ehtiyat etdiyi üçün bambuk ağaclarının altına basdırmışdı. Nəticədə basdırılan pulların böyük hissəsi toza çevrilmişdi.

Ölkədə ərzaq məhsullarının və digər malların qiymətlərini Nqema özü müəyyənləşdirirdi. Çörəyin qiymətinin necə olacağı onun əhvalından asılı idi. Bir gün qəpik-quruş ola bilərdi, ertəsi gün fantastik qiymətə.

Xəzinəni doldurmaq üçün prezident girov götürülmüş xarici diplomatlar və turistlər üçün fidyə tələb edirdi.

EYNƏK TAXMAQ QADAĞANDIR!

Prezidentin dinə münasibəti pis idi. Ölkədə xristianlığı qadağan edərək özünü tanrı elan etmişdi. Kilsələri onun portretləri bəzəyirdi. Kahinləri məcbur edirdilər ki, xütbələrində "Allah Masiasın sayəsində Ekvatorial Qvineyanı yaratdı" desinlər. Sonradan isə bu, "Masiasdan başqa tanrı yoxdur" fikri ilə əvəzləndi.

Terror və repressiya bütün ölkəni bürümüşdü. Diktator keçmiş həyat yoldaşları və sevgililərinin həyatında olan bütün kişiləri məhv edirdi. Nqema hesab edirdi ki, qadınları ömrü boyu ona sadiq qalmalıdırlar.

Diktator xüsusilə yerli ziyalıları təqib edirdi. Məktəblər bağlanırdı, institutlar və texniki məktəblər tamamilə qadağan edilmişdi.

Ölkədə "ziyalı" sözünü tələffüz etmək, həmçinin eynəkdə görünmək mümkün deyildi. Nqema yalnız ağıllı insanların eynək taxdığına inanır, belə insanlar isə onu qıcıqlandırırdı. “Mən özüm xalqın içindən çıxsam da, axmaq deyiləm. Onlar isə işçilərə lağ etmək üçün eynək taxırlar", deyə prezident bildirirdi.

SƏRHƏD TANIMAYAN QƏDDARLIQ

Yazmağı bacarmayan, məktəbi qadağan edən prezident

Onun hakimiyyəti illərində ölkədə ali təhsilli 10 nəfər qalmışdı. Qalanları ya qaçmış, ya da vəhşicəsinə öldürülmüşdü. Müstəqillik qazandıqdan sonra (1968) Ekvatorial Qvineyada 300 min insan yaşayırdı. 11 ildən sonra əhalinin yalnız üçdə ikisi qalmışdı. Statistika bürosunun direktoru bu barədə prezidentə məlumat verdikdə, dövlət başçısı məmuru ən kiçik hissələrə bölməyi tapşırdı ki, “saymağı öyrənsin”.

Nazirlərdən, işçilərdən və adi işçilərdən gələn bütün xahişlərə prezidentin cavabı belə olurdu: "Hamısını öldürün!".

Xarici səfərlərə getməzdən əvvəl bir neçə məhkumu edam etdirirdi ki, yerdə qalanlar o, ölkədə olmadığı müddətdə dövlət çevrilişi etməsinlər.

Ölkə qaranlığa qərq olmuşdu. Həm məcazi, həm də sözün həqiqi mənasında. Prezident elektrik enerjisini də kəsmişdi. Ölkədə nə bir kitabxana, nə də bir teatr qalmışdı. Yalnız bir kütləvi informasiya vasitəsi var idi, o da hökumət qəzeti idi.

KABUS BİTDİ?

Ölkədə kabus 1979-cu ilə qədər davam etdi. Nqemanın ətrafındakı insanlar prezidentin başında problem olduğunu dərk etməyə başladılar. Lakin onu müalicə edə bilmədilər. Ölkədə bir nəfər belə, həkim qalmamışdı. Bəziləri öldürülmüş, bəziləri də ölkədən qaçmışdı. Prezidentin ruhi vəziyyəti hər gün daha da pisləşirdi. Həftələrlə otağında oturur, heç bir qohumu ilə danışmırdı. Axşamlar isə özünün əmri ilə öldürülən nazirlər və rəsmilərlə "danışmağa" başlayırdı.

Yazmağı bacarmayan, məktəbi qadağan edən prezident

Prezidentin qardaşı oğlu Teodoro Obianq Nqema Mbasoqo o zaman Milli Qvardiyaya rəhbərlik edirdi və çevriliş etmək qərarına gəlmişdi. Hərbçilər Fransiskonun evinə girəndə mühafizəçilər öz "rəislərini" xilas etmək istəmədilər. Lakin prezident hansısa yollarla büdcənin pullarından da götürüb qaçmağa müvəffəq olmuşdu.

Hərbi qüvvələr iki həftə cəngəllikdə keçmiş dövlət başçısını axtardılar. 1979-cu il. Afrika cəngəlliyində yaşlı, ağlını itirmiş bir qoca yerdə oturaraq son əskinasları çeynəyirdi. İnanmaq olmurdu ki, bir müddət əvvəl bütün ölkəni qorxu içində saxlayan, minlərlə insanın məhvinə səbəb olan bu adamdır...

Qaçaq tutuldu və məhkəməyə göndərildi. Prezident Nqema 80 000 cinayətdə ittiham olundu, bunlardan 500-ü üzrə təqsirli bilinərək məhkum edildi.

Ağlını itirən diktator edama məhkum olundu. Ancaq məlum oldu ki, əsgərlərin heç biri keçmiş prezidenti güllələmək istəmir. Yerli əhali Nqemanın qədim sehrbazlar ailəsindən olduğuna inanırdı. Ondan qorxduqlarını görən sabiq prezident “qəbirdən çıxacam, gəlib ciyərinizi yeyəcəm” deyərək mühafizəçiləri daha da qorxutmağa başladı. Qardaşı oğlu bu fəndlərə inanmadı və keçmiş diktatoru güllələtmək üçün muzdlu mərakeşlilər tapdı. Nqemanı divara söykədilər və ona 40 dəfə atəş açıldı...

Yazmağı bacarmayan, məktəbi qadağan edən prezident

LÜKS EVLƏR, BAHALI MAŞINLAR...

Ondan sonra prezident kürsüsünə Teodoro Obianq Nqema Mbasoqo oturdu və bu vaxta qədər Ekvatorial Qvineyanı idarə edir. İlk olaraq əmisinin qəbul etdiyi bütün qanunları ləğv etdi.

Sələfi ilə müqayisədə indiki diktator özünü daha təvazökar aparır. Ölkədə məktəblər açıldı, eynək taxmağa icazə verildi.

Yeni rəhbər əmisi kimi insanları tez-tez cəzalandırmır. Lakin Teodoro Obianq və onun qohumları ölkənin bütün sərvətlərindən özləri üçün istifadə edirlər. Bura qaz, neft, qızıl, almaz və digər böyük ehtiyatlardan gələn pullar daxildir.

Yazmağı bacarmayan, məktəbi qadağan edən prezident

"Freedom House" hüquq müdafiə təşkilatı bu yaxınlarda Teodoro Obianq Nqemanı "dünyada yaşayan ən kleptokratik avtokrat" adlandırmışdı.

Ekvatorial Qvineyanı idarə etmək Obianqın ailə biznesinə çevrilib. İndiki prezident oğlu Teodorini vitse-prezident vəzifəsinə təyin edib. Maykl Ceksonun fanatı olan Teodorin dəbdəbəli həyat sürür. O, "Bugatti Veyron", "Porsche Carrera GT", "Ferrari Enzo", "Ferrari 599 GTO", "Maserati MC12" və "Bentley Azure" kimi, lüks avtomobillərə sahibdir.

Ailənin Parisdə 25 milyon avro dəyərində bir malikanəsi var. Bundan başqa, onlar Malibuda 30 milyon dollarlıq lüks mülkə də sahibdilər. Ekvatorial Qvineya əhalisi isə yoxsulluq içində yaşamağa davam edir...

Tərcümə "MediaPost"a məxsusdur

Xəbərlər departamenti

Gündəm