“Yeni çəkilən filmlər televiziya ekranlarında deyil, kinoteatrlarda nümayiş olunmalıdır” - Kinoşünas
Bir zamanlar Bakı sakinlərinin ən çox baş çəkdiyi məkanlardan biri kinoteatrlar idi. İnsanlar bura təkcə yeni filmlərə baxmağa gəlmirdilər. Onlar həmçinin kinoteatrlara mədəni həyatın bir hissəsi kimi, müxtəlif insanlarla ünsiyyət qura biləcəkləri, vaxtlarını daha səmərəli, maraqlı keçirəcəkləri məkan olaraq üz tuturdular. Bu səbəbdən də gündəlik qayğılardan bir az uzaqlaşaraq mədəni tədbirlərə - kinoteatrlara, tamaşa salonlarına həvəslə gedirdilər. İndi Bakıda o dövrlə müqayisədə sayca hələlik az, amma günün müasir tələblərinə cavab verən bir neçə kinoteatr var.
Mövzu ilə əlaqədar kino tənqidçisi Rəşad Qasımov MediaPost-a açıqlamasında qeyd edib ki, hətta köhnə kinolarımız üçün də ayrıca kinoteatr olmalıdır:
“Ümumiyyətlə, yeni çəkilən filmlər televiziya ekranlarında deyil, kinoteatrlarda nümayiş olunmalıdır. Adamlar pul verib, bilet alıb kinoya getməlidir. Hətta köhnə kinolarımız üçün də ayrıca kinoteatr olmalıdır, həmin filmlər orada göstərilməlidir və s. Ümumiyyətlə, fikrimcə, filmlər televiziya üçün deyil. Çünki artıq internet resursları, komyüterlər, notbuklar var. Məsələn, mən bəzən aylarla televiziyadan istifadə etmirəm. İstədiyin məlumatı internet vasitəsilə almaq olur”.