“Yeni ilin ilk günündən başlayaram” deyib tənbəllik etməkdənsə...
18.12.2019 07:30 Fikirlər

“Yeni ilin ilk günündən başlayaram” deyib tənbəllik etməkdənsə...

2020-ci ilə sayılı günlər qalıb. O sehrli gün – 1 yanvar təxminən iki həftədən sonra qapımızı döyəcək. Biz isə həmin gündən başalayacaqlarımızın siyahısı əlimizdə gözləyirik. Qapı dibində, yığılmış fikirlər, narahat edən o hislər, varlığından bezdiyimiz əşyalar, insanların yükü ilə birlikdə...

Bu dəfə yeni ildə yeni bir “sən”ə imza atman üçün yazıram. İnanıram ki, iki addımda toplamağa çalışdığım fikirlər məhsuldar düşünmə və hərəkətə keçmək üçün sənə kifayət edəcək.

Birinci addım: “Özünlə üzləş”

Özümüzə xəyali olaraq rahat bir məkan yaratmışıq. İllərlə bu məkana sığınmış və içərisində qıvrılaraq az qala düşünməkdən başqa bir şey etməyən varlığa çevrilmişik. Bəzən, hətta fərqli bir şeylər düşünməkdən belə, qorxduğumuz bu məkan biz qəhrəmanların sığınacaq qalasına çevrilir. Doğmalığından, yaxınlığından asılı olmayaraq, heç kəsi bu qalaya yaxın buraxmırıq. Buradan çıxmağa, başqa dünyalarla üzləşməyə qorxuruq. Əslində elə bilirik ki, təkcə uğursuzluqdan qorxuruq, amma dərinlərə enəndə bəlli olur ki, çox vaxt uğurlu olmaqdan və buna tab gətirə bilməməkdən də ehtiyatlanırıq. Hər şey yolunda gedərsə, sürətlə zirvəyə dırmaşmağa nail olarıqsa, anidən nələrinsə yolunda getməyəcəyindən, ayağımızın hansısa kiçik daşa ilişdiyi ilk anda üzü başıaşağı yuvarlanacağımızdan qorxuruq. Yeniliklər və uğurlu olmaq anlayışı bizə yad gəlir, qorxu yaradır. Bəli, uğursuzluqdan qorxmaq bir yana, uğurlu olmaqdan da qorxuruq. Bunu qəbul etməliyik.

Məncə, bu, çox vaxt öz güc və bacarığımıza inamsızlıqdan qaynaqlanır. Sanki hər kəs super gücə sahib qəhrəmandır, təkcə biz ətdən, sümükdənik. Başqalarına sehrli güclər kömək edir, biz isə yıxıla-yıxıla öyrənirik.

Bu qorxunun bir səbəbi də qeyri-müəyyənlikdir. Nəyi, necə, harada yaşamaq istədiyimizdən əmin deyilik. Bir çox istəklərimiz, arzularımızı təsvir et desələr, bir-neçə cümlədən o yana söz tapa bilmərik. Halbuki gec-tez arzularını yaşamaq nəsib olmuş insanlarla danışdıqda bəlli olur ki, onlar vaxtilə bu arzularını ən incə detallarına qədər təsvir edə, sanki o anda yaşayırmış kimi xəyal qura bilirmiş. Bu çox önəmli məqamdır. Arzunu xəyalında qurmaq üçün əmək verirsənsə, deməli, inanırsan. İnanırsan deyə xəyal qurmağa zaman ayırır, enerji sərf edirsən. Tənbəlliyə meyilli olduğumuzdan inam hissi motivasiya etməsə, xəyalımızda belə, hərəkətə keçmərik. Hər şey inamdan başlayır deyəndə, məncə, elə bunu nəzərdə tutublar.

İkinci addım “Azad ol”

Başda qeyd etmişdim ki, yeni ili qapı dibində, yüklər belimizdə gözləyirik. Yeni il qapımızı döymədən bu yüklərdən azad olmağın, yüngülləşməyin və həyatın verəcəklərini almaq üçün əliboş, beli dik olmağın zamanıdır.

Dekabrın bu son həftələrini yeni ildə yeni işlərə başlamaq üçün təmizlik günləri elan etmək yaxşı başlanğıc ola bilər. Bu günləri qəlbimizi, ruhumuzu, ev və ətrafımızı təmizləməyə, bunda istəkli və israrlı olmağa həsr etsək, yeniliklər üçün sağlam təməl qoymuş olarıq. “Yeni ilin ilk günündən başlayaram” deyib tənbəllik etməkdənsə, çoxluqdan azad olmaq üçün elə bu gündən hərəkətə keçmək ən optimal seçim olar.

Bir çox insan yeni bir addım atmaq üçün həftə, ay, ilin ilk gününü gözləyir. İlk günə pənah aparmaq bir az da öyrəşdiyimiz rahatlığı pozmamaq üçün özümüzün özümüzə verdiyi bəhanəli zamandır. Çünki reallıq fərqlidir. Yeni ilin başlanğıcında baş qarışıq olur. Hədəfləri müəyyənləşdirdiyimiz halda ilk gündən başlaya bilmirik. Birdən-birə öyrəşdiyimiz vəziyyətdən çıxmaq və planlamada yazdıqlarımızı əməli olaraq yerinə yetirmək çətindir. Özümüzü bu çətinliklə üz-üzə qoyaraq alınmadıqda qınayır, həvəsdən düşürük. Bacarıq və gücümüzə şübhə ilə yanaşırıq. Halbuki bu öyrəşməmiş bir çox insan üçün belədir – çətin, mümkünsüz.

Düşünürəm, elə bu qırıqlığı yaşamamaq üçün məşq etmək, yeni ilə daxilən də hazırlıqlı olmaqdan ötrü bu günlərdən faydalanmaq lap yerinə düşər.

Olduğumuz yerin səliqəli və sadə olması önəmlidir. Bu bizə daha yaradıcı olmaq üçün şans verir. Bu baxımdan “Azad ol” addımına otağımızdakı artıq əşyalardan, qarderobda uzun müddətdir istifadə etmədiyimiz, sadəcə yer tutan geyimlərdən qurtularaq, masamızın çoxdan yadırğadığı səliqəsini geri qaytarmaqla başlaya bilərik. Eyni zamanda özümüzə daha çox vaxt ayırmaqla, baş-başa qalıb nə arzuladığımıza, həqiqi ehtiyacımızın nələr olduğuna diqqət etməklə daha faydalı dəyərləndirə bilərik. Bu bizə mövcud axına qoşulmadan öz istəyinə uyğun, rahat, hüzurlu və planlı yaşam üçün imkan yaradır.

Xəbərlər departamenti

Gündəm