Yeni ilin köhnəsi: biznes layihədən biri qazanır, biri isə itirir
13.01.2020 08:41 Fikirlər

Yeni ilin köhnəsi: biznes layihədən biri qazanır, biri isə itirir

Köhnə ili yenicə yola salıb növbəti dəfə “köhnə yeni il”i qarşılamağa hazırlaşırıq. İki ildən sonra həm də müstəqilliyimizin 30 illiyini qeyd edəcəyik. Amma hələ də mənasız bayramlardan yaxa qurtara bilməmişik.

Bu “köhnə yeni il” dediyimiz məfhumun nə olduğunu dünyanın bir çox yerində bilən yoxdur. Ənənə bizə elə sovet dövründən miras qalıb. Rusiyanın özündə belə, bu ənənə ilə mübarizə aparsalar da, sonda məcbur olub ölkədə 13 günlük bayram elan ediblər. Yəni 31 dekabrdan başlayan Yeni il bayramı yanvarın 13-də “köhnə yeni il”lə tamamlanır.

Bu bayramın Azərbaycana və xalqımıza heç bir aidiyyəti olmasa da, bir çox ailələrdə Yeni il yolkalarını yanvarın 13-nə kimi saxlamaq ənənəsi var. Sanki bu gün Şaxta baba və Qar qız sonuncu dəfə gəlib uşaqlara mütləq hədiyyə paylayacaq deyə, uşaqlar da bir növ intizarda olurlar.

Rusiyada 2 həftə bayram olduğundan bizim marketlərdə də müəyyən qıtlıq duyulur. Adətən, Rusiyadan gələn qida malları ilə dolu olan rəflər boşalır, çünki Rusiyadan mal gəlmir. Amma restoran və kafelərin bazarı genişlənir. İmkanı olan bir yer danışıb “köhnə yeni il”i qarşılamağa çalışır. Məşədi İbad demişkən, bir növ adətkərdə olublar çünki.

Yeni illə bağlı atributlara belə nəzər salsaq, onların olduqca qondarma bir tarixçəsi olduğu da aşkarlanar. Məsələn, götürək Şaxta baba və Qar qızı. Adətən, bu nağıl personajları Yeni ilin ən vacib elementlərindən sayılır. Uşaqlar onlarla görüşə getməyi çox arzulayırlar, həm şənlənə bilərlər, həm də hədiyyə almaq imkanı yaranır.

Şaxta baba da, Qar qızı da rus dilində “Ded Moroz” və “Snequroçka” adlanan personajların adlarının Azərbaycan dilinə tərcümə edilmiş variantıdır. Guya Şaxta baba özü ilə qar-şaxta və hədiyyə gətirir. 120-150 il öncə çar Rusiyasında belə personajlar heç olmayıb. Buna bənzər obrazlar isə qədim slavyan miflərindən qaynaqlanırlar. Özü də bu Şaxta babanın Santa Klausla da heç bir əlaqəsi yoxdur. Santa Klaus xristian müqəddəslərindən olan Nikolayın proobrazıdır. “Ded Moroz” isə “Studenes”, “Treskunes”, “Morozko”, “Zimnik”, “Pozvizd”, “Karaçun” kimi qədim slavyan bütpərəstlik simvollarından yaranıb. Özü də həmin bu “Moroz”dan heç kim hədiyyə filan gözləmirdi, əksinə, qədim dövrlərdə ruslar bu qəzəbli və şaxta gətirən “baba”ya pay ayırmağı məcbur sayırdılar.

“Moroz”la bütün dövrlərdə Rusiya pravoslav kilsəsi mübarizə aparıb, onu xristianlığa yad element kimi ortadan qaldırmağa cəhd edib. Şaxta baba gündəmə məhz 20-ci əsrin əvvəllərində bir kommersiya layihəsi kimi gəlib. Sonra I Cahan Müharibəsi, daha sonra uzun sürən qarşıdurma Yeni il atributlarını kənarda qoyub. Sovet hakimiyyəti də elə yarandığı dövrdən Şaxta babanı xristian dini ilə eyniləşdirdiyindən onun Yeni il şənliklərində iştirakını yasaqlayıb. Şaxta baba və ya “Ded Moroz” gündəmə 1936-cı ildə sovet lideri İosif Stalinin şəxsi icazəsi ilə qayıdıb.

Amma babanın nəvəsi filan olmayıb, yəni Qar qızı sonradan uydurmaq lazım gəlib, çünki yekəpər, uzun saqqallı Şaxta baba kiçik yaşlı uşaqlarda bir qorxu yaradırdı. Bu səbəbdən onun nəvəsi adı ilə Qar qızı əvvəlcə səhnəyə buraxırdılar, o da təkidlə Şaxta babanı dəvət edirdi. Özü də uşaqlara babadan mütləq hədiyyə olacağını söz verirdi. Beləliklə, Şaxta baba və Qar qızı gündəmdə qala bildilər.

Televiziyanın inkişafı nəticəsində Rusiyadan Azərbaycana Yeni il yolkası, Şaxta baba, Qar qızı, “stoliçnı” salatı, şampan şərabı içmək və uşaqları Yeni il şənliklərinə aparmaq ənənəsi transfer oldu. Arxasınca da köhnə Yeni il gəldi.

Bu qarışıq kokteyllə nə etmək lazım gəldiyini əslində heç kim bilmir. İnsan var, nə Yeni ili, nə də köhnəsini qeyd edir. “Bayram”a maraq yalnız axınla gələn filmlərin və informasiyanın nəticəsində qorunub saxlanılır. Uşaq valideynindən yolka, Şaxta baba, Qar qızı və hədiyyələri bir paketdə tələb edir. Kimsə də bu tələbin üzərində öz biznesini qurur, pul qazanır, biz isə həmin məbləği ödəyirik.

Yeni il azmış kimi, hələ "köhnə yeni il" kimi mənasız bir inanca halalca pulumuzu xərcləyirik. Yeni ilin köhnəsindən biri qazanır, biri isə itirir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm