Yeni ilin yeni ab-havası və “cool” olmaqdan vaz keçmək həvəsi...
25.12.2019 11:12 Fikirlər

Yeni ilin yeni ab-havası və “cool” olmaqdan vaz keçmək həvəsi...

Ailəni süfrə arxasında toplayan, uzaq-yaxın qohumları yada salmağımıza vəsilə olan bayram günlərini dəyərli hesab edirəm.

Həmişə təqvimin dəyişəcəyindən xəbər verən Yeni ili qeyd etdiyimizdə bizi bir az da daha şanslı hesab edirəm. Çünki Yeni ildən əvvəl Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd etməyimizlə bayrama yüklədiyim dəyəri xatırlamış oluruq – deyə düşünürəm. Hər ilin sonunda həmrəyliyi, bir olmağı, eyni dəyərlərə söykənməyi xatırlayıb yeni ilə addım atmaq bizi şən əhvaldan əlavə, həm də mənəvi hislərlə zənginləşdirir, tək olmadığımızı xatırladır. Necə deyərlər, ağac da budaqsız olmasın!

O həm də yeni, tər ümidlər gətirir.

Hər il olduğu kimi bu il də şəhərimiz yeni il ab-havasına köklənib. “İnsanlarda yeni ilə əvvəlki həvəs qalmayıb, ta belə şeylərə maraq göstərmirlər” kimi fikirlər səslənsə də, mən əksini müşahidə edirəm. Elə keçən il yadımdadır ki, saat 00:00 olmamış qonşularımızın havaya buraxdıqları fişənglər haradasa 30 dəqiqə yer üzünü işıqlandırmağa nail olmuşdu. Bu il hətta bundan da artığını gözləməyə əsasım var. Çünki “Yeni il yarmarakaları”nın yanından keçdiyimdə günün müxtəlif saatlarında insanların həvəslə alış-veriş etdiyinə şahid oluram. “O yolkanın yanında dur, şəklini çəkim”, – deyə yanındakı balacalara xitab edən valideynlərin üzündəki sevinc də diqqətimdən yayınmayıb. Bir sözlə, bu il insanlarda Yeni il ab-havası əvvəlki bir neçə ilə nisbətən daha yaxşı duyulur. İnsanlar daxilən hər şeyin daha yaxşı olacağına inam bəsləyir.

Şəhərin “Tarqovı” adlanan Nizami küçəsində bu il də təşkil olunan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında insan çoxluğu, yüksək əhval-ruhiyyə yaşanır. Düşünürəm ki, dekabr ayının 1-dən start götürən bu yarmarka da istirahətə çıxan şəhər sakinlərinin və qonaqların baş çəkdiyi mərkəzi küçədə olduğundan ümumi əhval-ruhiyyənin formalaşmasında xüsusi rol oynayır. Hətta oradakı sıxlığı ifadə etmək üçün şəkil həvəskarı gənclər arasında belə bir fikir də dolaşır: “İsti ürəklərdə çəkdirdiyin şəkildə özündən savayı ən azı beş nəfər də olur”.

Yeni il təbriki

Votsap adlı mobil mesaj tətbiqinin həyatımıza daxil olması və özünə əsaslı yer tutması ilə Yeni il təbriklərimiz də dəyişdi. Əgər əvvəllər uzaqdakı yaxınlarımızı, qohum-əqrəbanı təbrik etmək üçün bir neçə gün əvvəldən danışıq kartı alır, bir-bir hamıya zəng edir, ya da qısa, amma xüsusi mesajlar yazaraq təbrik edirdiksə, votsapın populyarlaşması ilə buna ehtiyac qalmadı. Çünki bunların yerini daha fərqli bir mesaj tutmağa cəhd etdi. Müxtəlif smayliklərlə, bir neçə gün əvvəldən elə bir sıra naməlum, həvəskar insan tərəfindən hazırlanan mesajlar şablonlaşdırılaraq kopyalanıb əlaqə kitabçamızda adı olan hər kəsə göndərilməyə başlandı. Lakin xoşbəxtlikdən bu çox yayılsa da, ömrü qısa oldu. Zaman darlığından şikayətlənərək müdafiəsinə qalxanlara rəğmən özünü qoruya bilmədi. Qınaqlar qarşısında boynu bükük qalıb öz soyuq və quruluğunu da çiyninə yığaraq bir küncə çəkildi. Əvvəlki illərlə müqayisədə indi insanlarımız bu tip mesajlar göndərməyə utanır, qısa “Yeni ilin mübarək” mesajını ondan üstün hesab edir. Amma yenə də rəngarəng, hamıya çata bilən sosial media hesablarımızda yayımladığımız status, hekayələrlə ümumi təbriklər edir, bəzən bununla kifayətlənə bilirik. Ümid edirəm ki, özümün də ara-sıra istifadə etdiyim bu ümumiliyin yanında xüsusi təbrikləri, zəng, mesajları qorumağı bacaracağıq. Hər nə qədər başımızı “Avropa insanına rahatlıq verən soyuqluğudur”, “Bayram qeyd etməyincə, təbrik yazmayınca cool olursan” kimi fikirlərlə gicəlləndirməyə çalışsalar da, vaxtaşırı özümüzə dönməyi, elə evimizdə, ailəmizdəki insanların – nənə babamızın, ata-anamızın ənənələrini - bayramlarda qohumları, böyükləri ziyarət etməyi, kiçikləri sevindirməyi davam etdirəcəyik. Biz nə qədər özümüzü başqa torpaqlardan olanlara bənzətsək də bu bizdə “Cool” yox, elə birbaşa soyuq və quru alınır.

Acizanə bir arzum var: dəyərlərimizə sahib çıxmağı, onları başqa mədəniyyətlərə yox, elə özümüzə və günümüzə uyğunlaşdıraraq yaşatmağı və yaşamağı bacaraq.

Həmrəylik günümüz və Yeni ilimiz mübarək olsun!

Xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm