"Yeni partiyaların qeydiyyatı islahatların məntiqi nəticəsi kimi başa düşülməlidir" - ŞƏRH
17.04.2020 08:23 Daxili siyasət

"Yeni partiyaların qeydiyyatı islahatların məntiqi nəticəsi kimi başa düşülməlidir" - ŞƏRH

Bunu “MediaPost” açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, belə islahatlar cəmiyyətin bütün sahələrini əhatə edir: "Ölkəmizdə həyata keçirilən islahatlar təkcə sosial-iqtisadi sferaları deyil, cəmiyyətimizin bütün sahələrini əhatə edəcək qədər genişmiqyaslı siyasi sistemimizdə yeni keyfiyyət dəyişikliyi yaradacaq qədər dərindir. Əslində, böyük reformlar bir qədər də onu təmin etməli olan siyasi dinamizmlə bağlı olur. Çünki iqtisadi canlanma, yaxud islahatlar siyasi dinamizmlə tamamlanmasa, siyasi-iqtisadi sistemdə arzuolunan inkişaf tendensiyası yaratmaq çətin olur. Ona görə də Ədliyyə Nazirliyi tərəfindən yeni siyasi partiyaların qeydiyyata alınması, islahatlar siyasətinin məntiqi nəticəsi kimi başa düşülməlidir. Hər yeni siyasi partiya özlüyündə cəmiyyətə yeni siyasi dəyərlər təqdim edən və bu dəyərlər ətrafında insanaları təşkilatlandıran bir institutdur. Əgər məqsəd siyasi sistemi zənginləşdirmək, onu daha da rəngarəng etməkdirsə, əgər məqsəd siyasi palitraya yeni effektiv rəng qatmaqdırsa, əlbətdə, bunu yalnız alqışlamaq lazımdı. Ona görə də Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə Azad Demokratlar Partiyasının və "Yeni Zaman" Partiyasının qeydiyyata alınması, olduqca müsbət haldır".

H.Babaoğlu bildirib ki, siyasi sistemimizdə yeni konfiqurasiyanın qurulması, xeyli vaxtdır başlayıb və yeni formalaşan parlament təcrübəsində bu, artıq öz əksini tapıb: “Milli Məclisin sədr müavini parlamentə ikinci səs çoxluğuna sahib olan partiyanın nümayəndəsi seçilib. Komitə sədr və müavinləri səviyyəsində müxalifətin təmsilçiliyi xeyli dərəcədə artıb. Yeni siyasi partiyaların qeydiyyatı isə faktiki olaraq siyasi sistemimizdə yeniləşmənin ikinci fazasını təşkil edir. Ancaq şübhəsiz ki, bu prosesin uzunmüddətli və davamlı olacağını da proqnozlaşdırmaq mümkündür. Çünki ölkəmizdə həyata keçirilən islahatların məntiqi bunu diqtə edir”.

Azadə Yolçu

Xəbərlər departamenti

Gündəm