Yol qəzaları ən çox hansı hallarda baş verir? - ARAŞDIRMA
09.12.2019 11:16 Fikirlər

Yol qəzaları ən çox hansı hallarda baş verir? - ARAŞDIRMA

Son illərin statistikasına görə, 20 il ərzində yol-nəqliyyat hadisələrində ölənlərin sayı 25 min nəfəri keçib. Bundan 3 dəfə artıq xəsarət alanları da statistikaya əlavə etsək, çox böyük bir rəqəm ortaya çıxır.

1-ci Qarabağ müharibəsində şəhid olan və yaralananların sayı bu rəqəmlərlə təxminən eynilik təşkil edir. Deməli, son 20 ildə müharibə olmasa belə, yol qəzalarında 25 min insan həyatını itirib.

Bəs yol qəzaları daha çox hansı səbəblərdən baş verir? Burada daha çox sürücü məsuliyyətsizliyi, yoxsa digər problemlər var?

Image result for dehsetli tixac çin

İlk olaraq diqqətə çatdıraq ki, Azərbaycan avtomobil çox olan ölkələr siyahısında deyil. Bəs hər gün baş verən qəzalar tıxaclar haradan qaynaqlanır? Nə qədər acı da olsa da, qeyd etməliyik ki, ölkəmizdə sürücülük mədəniyyəti ümumilikdə yaxşı səviyyədə deyil. Yollarda “hamı tələsir”, “hamının xəstəsi var” sanki. Təbii ki, bu, bütün sürücülərə aid deyil. Amma əksəriyyətin belə olması məsələyə bu cür yanaşmağa səbəbdir. Odur ki, nizamsız avtomobil idarə etmək qəza və tıxaclara səbəb olur. Ən çox qəzalar hansı hallarda baş verir?

  • Yolayrıcının keçilməsi qaydasının pozulması;
  • İşıqforun son və ilk saniyəsində yola daxil olmaq;
  • Ara məsafəsi və sürət həddinin düzgün seçilməməsi;
  • Manevr qaydalarının pozulması;
  • Əks istiqamətdə hərəkət etmək və s.

Əksər sürücülər yolayrıcına daxil olan zaman qaydaları bilərəkdən, yaxud bilməyərəkdən pozur. Digər tərəfdən “yol mənimdir” deyərək hərəkət edən digər sürücü də öz həmkarını nəzərə almır. Nəticədə qəza hadisəsi baş verir. Bir çox hallarda standart qaydalar olan “üstünlük hüququ olan nəqliyyat vasitəsinin buraxılması” əvəzinə imkan tapan kimi onun yoluna çıxmaq qəzaların başlıca səbəbdir.

Yuxarıda qeyd etdiyimiz kimi “tələsən sürücülər” işıqforun son saniyəsində, yaxud ilk saniyəsində yolayırıcına daxil olurlar. Bu zaman isə nəqliyyat vasitələri toqquşur. İki səbirsiz və “tələsən” sürücü ən azı gedəcəkləri yerə vaxtında çata bilmir. Çünki son saniyədə çıxanla ilk saniyədə tərpənən təbii ki, qarşılaşır. Ekspertlər tövsiyə edir ki, işıqforun son saniyələrində yolayrıcına daxil olmaq təhlükəlidir. Eyni zamanda ilk 2 saniyədə yolayrıcına sürətli daxil olmaq da bu qəbildəndir. Amma təəssüflər olsun ki, əksər hallarda bu qaydalara əməl edən intizamlı sürücülər siqnal səsi və “40 ilin şoferlərinin” məzəmməti ilə qarşılaşır.

Yollarda ən çox baş verən qəzalardan biri də sürət həddi və ara məsafəsinin düzgün seçilməməməsidir. Bir müddət əvvəl Kiyevdə çəkilmiş bir videoda işıqforda dayanan sürücülər öz aralarında lazım olan qədər ara məsafəsi saxlamışdılar. Amma bizdə bu məsafə ən yaxşı halda yarım metr olur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Çünki ara məsafəsi saxlayan sürücülərin yolunda digər bir “ağıllı şofer” girir. Bu da təbii ki, təhlükədir. Amma eyni halda nəzərə almaq lazımdır ki, ani əyləci basmaqla qarşıdakı nəqliyyat vasitəsinə siz dəyə, yaxud arxadan sizi vura bilərlər. Daha çox magistral yollarda bu cür qəzalar olur. Çünki yüksək sürət və ara məsafəsinin düzgün seçilməməsi ani bir hadisə zamanı zəncirvari qəzaya səbəb olur.

Manevr qaydalarının pozulması da ən çox qəzaların baş verməsinə səbəb olan amillər sırasındadır. Belə ki, daha çox avtoxuliqanlar və özlərini “sürən” adlandıran bəziləri sağ və sol manevrlər edərək avtomobillərin arasından keçir. Yaxud qarşıda cüzi tıxacın olduğunu görən kimi zolağı dəyişir. Bununla da digər avtomobilin önünə çıxır. Bu zaman arxadan gələn avtomobil onu vurur. Maraqldır ki, əksər hallarda “arxadan vurmusan, ara məsafəsi saxla” kimi arqumentlər gətirərək manevr qaydasını pozduğunu boynuna almaq istəmir.

Ən böyük və təhlükəli qəzalar isə əks istiqamətə çıxdıqda baş verir. Bəzi sürücülər, xüsusilə rayon yollarında 1.1 xəttinin tələblərini pozaraq görüntü məsafəsi məhdud olan ərazilərdə əks istiqamətə çıxırlar. Bu zaman qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşma baş verir. Yaxud yenidən zolağa qayıtmaq istədikdə bu zaman digər nəqliyyat vasitəsinə maneə yaradır və qəza qaçılmaz olur. Daha çox ölüm halları da məhz bu cür qəzalar zamanı baş verir.

Təbii ki, yuxarıda sadananlardan başqa da qəzalara səbəb olan amillər var. Buraya yuxusuz, spirtli içki və narkotik qəbul edən halda nəqliyyat vasitəsini idarə etmək də daxildir. Belə hallarda sürücü həm özünə, həm də digər hərəkət iştirakçılarına konkret yəhlükə yaradır.

Əziz sürücülər! Sükan arxasına əyləşən zaman unutmayın ki, sizin, yaxud zərər vuracağınız insanların yolunu gözləyənlər var!

Teymur Məmmədov, xüsusi olaraq Mediapost.az üçün

Xəbərlər departamenti

Gündəm