Yollardakı “kamikadzelər”: sürücülərin qorxulu yuxusu
28.12.2019 08:25 Fikirlər

Yollardakı “kamikadzelər”: sürücülərin qorxulu yuxusu

Dövlət Yol Polisinin rəsmi açıqlamasına görə, ölkə yollarında təkcə bu ilin 11 ayında baş vermiş ağır qəzaların 60 faizi piyadaların vurulması ilə nəticələnib. Təəssüflə bildirmək istərdik ki, piyadavurmalarda ölüm halları digər qəzalara nisbətdə üstünlük təşkil edir. Bəs səbəb nədir?

DYP, müxtəlif İctimai Birliklər maarifləndirmə tədbirləri həyata keçirir, inzibati məsuliyyətə cəlb olunmalar artırılır, ancaq nəticə dəyişməz qalır. Demək olar ki, hər gün piyadaların vurulması ilə nəticələnən bir və ya bir neçə qəza baş verir.

Piyada keçidi varsa, istədiyin vaxt keçmək olarmı?

Yollardakı “kamikadzelər”: sürücülərin qorxulu yuxusu

Piyada keçidində piyadavurma

Bəzən piyadavurmaların bir qismi elə piyada keçidlərində baş verir. Lakin burada hər zaman sürücüləri ittiham etmək olmaz. Təbii ki, piyada keçidinə yaxınlaşan sürücü istənilən halda sürəti azaltmalı və diqqətli olmalıdır. Nizamlanan və nizamlanmayan piyada keçidləri mövcuddur. Nizamlanmayan piyada keçidlərində sürücülər piyadalara mütləq yol verməlidir. Amma piyada da öz növbəsində yola çıxan zaman avtomobilin dayandığına əmin olmalıdır. Bəzən bir neçə zolaqlı yolda piyada yolu keçmək istəyərkən bir avtomobil dayanır. Piyada yolu keçən zaman ikinci, üçüncü avtomobilin də dayandığına əmin olmalıdır. Əks halda mütləq elə piyada keçidinin özündə vurulacaq. Yəni elə ilk avtomobil dayandı, o birilər də duracaq deyib yolu keçmək olmaz. Qanunla piyada keçidində bir maşın dayansa, digər zolaqlarla da hərəkət edən avtomobillər dayanmalıdır. Amma bir çox hallarda sürücülər buna diqqət etmir və nəticədə qəzalar baş verir.

Yollardakı “kamikadzelər”: sürücülərin qorxulu yuxusu

Nizamlanan piyada keçidlərində isə vəziyyət tamamilə fərqlidir. Burada yolu piyadaların və ya sürücülərin keçəcəyini işıqfor, yaxud nizamlayıcı müəyyən edir. Bəzi hallarda isə yol avtomobilin olduğu halda piyada keçidi var deyə keçmək istəyənlər olur. Bu zaman isə təbii ki, qəza qaçılmazdır. Odur ki, piyadalar burada da diqqətli olmalıdırlar.

Tələsərək və “təndirə düşənlər”...

Bir çox hallarda yeraltı və ya yürüstü piyada keçidləri olduğu halda magistral yolu qaçaraq keçən piyadalara rast gəlinir. Xüsusilə günün qaranlıq vaxtı, düz yerüstü piyada keçinin altında gəzə-gəzə keçən insanlara Nobel prospektində daha çox rast gəlinir. Özünə əziyyət verib piyada keçidində “vaxt itirmək” istəməyən bu insanlar çox zaman həyatlarını itirirlər.

Yollardakı “kamikadzelər”: sürücülərin qorxulu yuxusu

Yerüstü piyada keçidinin altından keçən piyada

Sürücü yüksəksürətli yolda getdiyi halda piyada keçidinin altında qəfil qarşısına çıxan piyadanı vurur. Həmin an tələsdiyi üçün keçiddən istifadə etməyən piyada özü ilə bərabər sürücünü də “təndirə aparır”. Sürücülər arasında bu cür piyadalara “kamikadzelər” deyirlər. Çünki bir az məntiqlə düşünsək həyatının dəyərini bilən şəxs yerüstü piyada keçidini qoyub onun altında özünü təhlükəyə atmaz.

Qaranlıqda “qaraya bürünənlər”...

Dünya praktikasında gecə piyada olaraq gəzərkən üzərində ən azı bir işıqqaytarıcı elementi olan paltar geyinilməsi məqbul sayılır. Çünki gecə vaxtı sürcü yolun ortasında piyadanı görməyə bilər. Amma üzərində fosfor elementi olan olarsa, o zaman həm piyadanın, həm də sürücünün təhlükəsizliyi qorunar. Təəssüf ki, ölkəmizdə bu problem mövcuddur. İnsanlar daha çox tünd rənglərə üstünlük verir. Qaranlıqda, işıqlandırılmayan yolda, yürüstü piyada keçidinin altından keçən qara rəngli paltar geyinmiş piyada və heç bir şansı olmayan sürücü. Bu hal paytaxt Bakıda tez-tez qarşılaşdığımız bir mənzərədir. Yuxarıda da qeyd etdiyimiz kimi bu cür hərəkət edən piyada hər an partlamağa hazır olan “kamikadze” rolundadır. Özü ilə birlikdə sürücünü də aparacaq.

Yollardakı “kamikadzelər”: sürücülərin qorxulu yuxusu

120-lik yolda “gəzən” piyada...

Bir piyadanın vurulması azı iki ailədə problem yaradır. Həm vuran, həm də vurulan şəxsin ailəsi bundan əziyyət çəkirlər. Bir çox hallarda isə həbs və ölümlə nəticələnən hadisələr isə bir ömür insanın yaddaşında qalır.

Odur ki, məsuliyyət, təhlükəsizlik qaydalarına riayət etmək vacibdir. Əgər həqiqətən də həyatımızın və sevdiklərimizin bizim üçün dəyəri varsa...


Yollardakı “kamikadzelər”: sürücülərin qorxulu yuxusu

Orxan Əli

Nəqliyyat eksperti,

xüsusi olaraq "MediaPost" üçün



Xəbərlər departamenti

Gündəm