Yorğun Bakı, darıxan yolçu, bayram sonrası süstlük
09.01.2020 09:16 Fikirlər

Yorğun Bakı, darıxan yolçu, bayram sonrası süstlük

Yanvarın ilk günü darıxırdım. “Xeyir olsun” deyib bu dəfə bayram gününün səhəri şəhərdə gəzməyə qərar verdim. Hamı kimi mən də 31-i axşamı yaxınlıqda yaşayan qohum-əqrəbamla bir süfrə arxasına əyləşmişdim. Əvvəlki illərdə adətən bayram səhəri ya qonaq gedər, ya da yenə qonaq qarşılamağa davam edərdik. Bir də baxardım ki, bayrama ayrılmış tətil sona yaxınlaşır, ayın 5-6-sı olub. Bu dəmdə yadıma düşərdi ki, bir çıxıb şəhərdəki bayram ab-havasını da görüm. Bu dəfə isə “Hər olanda bir xeyir var” deyimi ilə darıxmaq məni elə bayramın səhərisi şəhəri gəzib-görməyə şövq etdi.

Metro qatarında xalqımızı bayram münasibətilə təbrik edən məşhurun nitqindəki qüsurlarla şəhərdəki ab-hava eyniyyət təşkil edirdi.

Efirdən hər şey o qədər bəh-bəhlə, bəzədilmiş təqdim edilir ki, doğrunu unudub həmin təqdimatı özününküləşdirməyə belə cəhd edirsən. Axı neyləyəsən, bir şeyi israrla çox gözəl nimçədə təqdim etdiklərindən imtina etmək də bir o qədər çətin olur. Ümumiyyətlə, mənə elə gəlir, efirin sehri dedikdə elə bunu nəzərdə tuturlar. Efir adamları nəyi necə təqdim etmək istəyirlərsə, o cür hazırlayır və bizə elə də nümayiş edirlər. Elə onların peşəkarlıq dərəcəsi də çox zaman bununla ölçülür: istədiyi mövzuda, istədiyi kimi təqdimat edərək auditoriyada istədiyi hisləri və fikirləri formalaşdıra bilmək bacarığı ilə.

Açığı, jurnalistikaya gəlməmişdən əvvəl heç bu efir adamlarının nə qüsurlarını görürdüm, nə də qüsur axtarırdım. Elə bilirdim, milyonlar önünə çıxan bir sima varsa, deməli, ən doğrusu budur. İşin içində olduqca bütün sehr məhv olub getdi.

Elə bunları düşünə-düşünə metro qatarındakı insanları müşahidə edirəm. Öz-özümə düşünürəm ki, görəsən, onlar da mən düşündüklərimi düşünür? Heç olmaya bircə dəfə bu haqda düşünüblər? Yanımda görkəmindən əsl, “xalis-munis” həmvətənimə oxşayan, lakin yoldaşı ilə rusca danışan bəzək-düzəkli xanıma baxıb fikirləşirəm: yəqin o heç bizim kanalları izləmir. Kim bilir, nə zaman pultun düymələrini yerli kanallara tuşlayıb. Bir də ki, belə adamlar heç televiziya da izləmir. Məşhurları da ya canlı-canlı, ya da ara-sıra sosial media hesablarındakı lentdən görür, onda da danışıqlarına da fikir vermirlər.

Gözüm ayaqüstü tutacağa yaslanmış, tozlu ayaqqabıları ilə bayram günü də işləməkdən gəldiyini düşünməyimə əsas verən yorğun üzlü kişiyə zillənir: Bax, bu efirə baxır. Yüz faiz baxır. Evə çatar-çatmaz məşhur axşamüstü proqramları izləyir. Kiminsə halına acıyır, mühakimə edir, kiməsə yazıq, kiməsə əxlaqsız, namərd damğası vurur. Xoşlamadığı qəhrəmanları aparıcı tənqid, bəzən lap təhqir etdikdə ürəyindən tikan çıxır, lap onun dilinin qadasını da alır. Beləsi aparıcının nə dediyini sorğulamır, o da qalsın onun nitqini sorğulamaq... Onun üçün yeməyə bir parça çörək, bir də axşamlar yorğunluqdan, düzəlməyən gedişatın fikrini çəkməkdən yaranmış hirsini tökmək üçün bəhanə, ya da özündən bir don geniş dərdlisini görüb təsəlli tapmaq, fikrini dağıtmaq maraqlıdır.

“Sahil stansiyası” səsinə fikirdən oyanıram. Metrodan çıxacağıma qarşılaşdığım tıxaca təəccüblənirəm. Elə bilirdim, bu gün hamı yeyib-içib evində oturub, şəhərə çıxan tək mənim kimi darıxanlar olar. Amma belə deyilmiş. Bəlkə də elə Bakı darıxır, onun darıxmağıdır məni də belə darıxdıran.

Tərslikdən keçidlərdəki eskalatorlar da işləmir. Bu da bir tərəfdən sıxlıq yaradır. Uşaqlar, yaşlılar pilləkənləri düşməkdə bir əziyyət çəkirsə, qalxmaqda min əzaba düşür. Yəqin bir əli ilə oflaya-oflaya dizini, o biri əli ilə nəvəsinin əlindən tutub balacanı çıxarmağa çalışan nənə bu gün evdən çıxdığına kor-peşman olub. Qanının qara olduğu elə üz-gözündən bəllidir, dişini sıxıb özünü saxlamış əsəbi adam kimi görünür. Nəysə ki, bir-təhər pilləkənlərdən enə bilirəm. Qarşıda “Sahil”dən əvvəl yenə işləməyən, üstü “Popkorn” qırıntıları ilə dolu eskalatorlar qarşılayır. Pilləkənləri qalxdıqda isə ilk qarşılaşdığım Yeni il yolkası elə bugünkü halımızı andırırdı: Qolu-qanadı qırıq, yorğun, əhvalsız, heç bir şey hiss etməyən, üzərinə dolanmış rəngli işıqlarla bəzədilən yolka gülümsəməyə məcbur edilən model kimi görünür gözümə.

İnsanlar yanında dayanıb şəkil çəkdirir, heç ağacın halı onlara maraqlı da deyil. Təki şəkildə yaşıl küknar ağacı və rəngli işıqlar olsun.

İzdiham içində bir qədər gəzdikdən sonra gəldiyim qənaət bu olur ki, çoxları burada olmaqla, şəkillərdə gülümsəmək, işıqlı yerlərdə şəkil çəkdirib gözəl düşməyə çalışmaqla varlıqlarını sübut etməyə çalışır, yeni ilin ilk günündə sövdələşmə etməyə, onu hər nə yolla olur-olsun yaxşı keçməsi üçün razı salmağa cəhd edir.

Sahilboyu gəzintim əsnasında parlaq işıqlarla bəzədilmiş ağaclardan birinin yanında özüm də gülümsəyib şəkil çəkdirirəm. Və şəkildə hər şeyin daha gözəl göründüyünü deyirəm. Yol yoldaşım: bəli, səndən başqa hər şey şəkildə daha gözəldir. Dili olsa, gecədən səhərə qədər Bakının dərdini danışacaq bu ağaclar da rolunu yaxşı oynayır, bircə sən bacarmırsan. Bu nədir, gözlərindən yorğunluq, təbəssümündən sünilik yağır?!

Amma nə etmək olar? Bakının Yeni il ab-havası gözlədiyim qədər işıqlı olmasa da, balacalarının qəlbindəki istilik, böyüklərinin yorğun gözlərindəki ümid işıqların bir gün daha gur parlayacağına, təbəssümümüzün də içdən və sevinc dolu olacağına inandırmağı bacarır.

Yaxşı olar, bayram gününü elə evdə, isti yuvamızda keçirək. Atəşfəşanlığı televiziyadan izləmək daha maraqlıdır, məncə. Yorğun şəhəri gəzməkdənsə, Yeni il nağılına ekrandan da baxmaq olar.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm