Yorğunluğu yenmək və enerjini düzgün bölmək üçün nələr etməli? - EKSPERT RƏYLƏRİ
15.11.2019 08:01 Fikirlər

Yorğunluğu yenmək və enerjini düzgün bölmək üçün nələr etməli? - EKSPERT RƏYLƏRİ

Gərgin iş rejimi, kompüterin arxasında uzun müddət oturmaq, tıxac, sosial problemlər hər biri insanın rul halına, əhvalına bu və ya digər şəkildə təsir göstərən amillərdəndir.

Bir çox cəmiyyətlərdə olduğu kimi bizim regionda da insanları səhhətindən çox maddiyyat düşündürür. Buna görə də daim işlək vəziyyətdə oluruq və sağlığımızda baş verən problemlərin üzərindən keçirik.

Bəzən iş şəraitimiz də bizə səhhətimizi qorumağa imkan vermir. Daim gərgin mühit, qeyri-sağlam qidalanma, uzunmüddətli iş rejimi, işçinin rahatlığının təmin olunmaması insan sağlamlığının pozulması ilə bərabər iş keyfiyyətinin də aşağı düşməsinə səbəbiyyət verir.

Bəs bu gərgin iş rejimində yorğunluğun qarşısını almaq üçün nələr etmək lazımdır?

Bununla bağlı Mediapost.az-a açıqlama verən psixoloq Ramil Nəcəfli bildirib ki, burada diqqət yetirməmiz gərəkən bir çox faktor var:

“Ümumiyyətlə, iş yerləri çoxşaxəlidir. Bəzi iş yerləri oturaqdır, bəziləri daim ayaqüstə olmağı gərəkdirir. Burada əsas olan enerjinin düzgün bölünməsidir. Digər bir məsələ işəgötürənin işçiyə motivasiya verməsidir. Burada müdiriyyətin işçiyə motivasiya verməsi, onu həvəsləndirməsi də əsas rol oynayır. Belə olan hallarda işçidə yorğunluq, işə qarşı həvəssizlik də az olur”.

Yorğunluğu yenmək və enerjini düzgün bölmək üçün nələr etməli? - EKSPERT RƏYLƏRİ

Psixoloq bildirib ki, işçinin özü də sağlamlığının qeydinə qalmalıdır:

“Yarım saat, 40 dəqiqədən bir ayaq, boyun hərəkətləri, gimnastik hərəkətlər, müxtəlif tənəffüs gimnastikaları var ki, onları etmək lazımdır. Göz əzələlərini də unutmaq olmaz. Onlara da istirahət vermək vacibdir. Həmçinin işçi əvvəlcədən gün ərzində görəcəyi işlərin siyahısını çıxarsa, beyni nisbətən yüngülləşmiş olacaq. Ən azından biləcək ki, hansı işləri, hansı ardıcıllıqla görəcək. Günün sonunda özünə rahatlıqla hesabat vermiş olacaq. Daha sonra işçilər mümkün qədər öz ailə problemlərini işə daşımamalıdır ki, beyin əlavə şeylərlə məşğul olub daha da yorulmasın”.

Yorğunluğu yenmək və enerjini düzgün bölmək üçün nələr etməli? - EKSPERT RƏYLƏRİ

Mövzuya idarəçilik, liderlik və şəxsi effektivlik mövzularında biznes təlimçi Fəxri Ağayev də münasibət bildirib.

Hər işdə Yaponiyanın nümunə olaraq çəkilməsini yanlış hesab edən ekspert yaponlarla uzun müddətdir işləyən təcrübəli biri kimi qeyd edib ki, bunlar bizim insanların uydurduğu mifdir:

“Mən uzun müddət yaponlarla fərqli layihələrdə işləmişəm. Yaponlar şirkətlərə bağlılıqları ilə bərabər, manyak kimi iş rejimi ilə seçilirlər. Mənim təcrübəm göstərir ki, şirkətdəki real ab-hava birbaşa şirkət rəhbərinin və direktorunun şəxsiyyətinə bağlıdır. Məndən sahibkar soruşanda ki, şirkəti necədir? Mən ona deyirəm ki, eyni sənin kimi. Şirkət daxilində atmosferə birbaşa rəhbərin özü təsir göstərir. Çox sadə nümunə deyim. Səhər rəhbər ofisə daxil olub, bir neçə işçiyə acı söz deyirsə, həmin gün oradakı insanlar lüks ofisdə belə olsalar, onların motivasiyası olmayacaq. Burada vacib məqam fiziki imkanlar deyil, mənəvi şəraitdir. Bir digər mühüm məqam komanda daxilində insanların yaxşı mənada keyfiyyətidir.Təsəvvür edin, ofisdə bir virus insan var, davamlı kobudluq edir, insanları provakasiyaya çəkir. Bu insan artıq ofis daxilində komfortu pozacaq. Ona görə mən hesab edirəm ki, işçinin şirkət daxilində komfortlu işləyib-işləməməsi, 8 saatı özünü tam və dolğun işə verməsi birbaşa şirkət rəhbərliyinə bağlıdır”.

Yorğunluğu yenmək və enerjini düzgün bölmək üçün nələr etməli? - EKSPERT RƏYLƏRİ

Məsələnin hüquqi tərəfinə aydınlıq gətirən hüquqşünas Əlövsət Allahverdiyev isə bu məsələlərin əmək qanunvericiliyi ilə tənzimləndiyini söyləyib:

“İşçinin iş şəraiti ilə bağlı bütün məsələlərin qanun çərçivəsində tənzimlənməsi üçün birinci əmək müqaviləsi bağlanılmalıdır. Əmək müqaviləsi olmadığı halda, iş zamanı yaranmış hər hansısa problemin qarşısını almaq olmur. Məsələn, işçinin normal iş saatından artıq işlədilməsi, şənbə, bazar günü işə çağırılması zamanı ona əlavə ödəniş olunmalıdır. Əmək müqaviləsində bütü bu məsələlər nəzərdə tutulub. Əlavə işə görə əmrləşmə aparılır və əlavə əməkhaqqı ödənilir. Təbii ki, buraya işçinin iş şəraiti də daxildir. İş prosesinin daha keyfiyyətli olması üçün mütləqdir ki, iş şəraiti müasir standartlara uyğun olsun”.

Xəbərlər departamenti

Gündəm