"YouTube"da uşaq videoları: balacalar nə qazanır, nə itirir?
25.12.2019 13:44 Fikirlər

"YouTube"da uşaq videoları: balacalar nə qazanır, nə itirir?

"YouTube" dünyanın ən populyar dayəsidir".

"MediaPost" xəbər verir ki, bunu rəqəmsal ulduzlar üzrə ixtisaslaşmış "Yoola" şirkətinin baş direktoru Eyal Baumel uşaqların "YouTube"a böyük marağını şərh edərkən deyib. "Pew Center"in bu il apardığı araşdırma da üzə çıxarıb ki, uşaqların iştirakı ilə çəkilən videoların baxış sayı bu platformadakı digər videolarla müqayisədə üç dəfə çoxdur. Araşdırmadan o da məlum olur ki, valideynlərin 81 faizi "YouTube"a övladları ilə birlikdə baxır.

BALACA MİLYONÇULAR

"YouTube"da yüksək mənəvi dəyərləri təbliğ edən proqramlar da tapmaq olar. Lakin onlar uşaq videoları qədər baxımlı deyillər və böyük pullar gətirmirlər.

Bir il ərzində (2018-ci ilin iyunundan 2019-cu ilin iyununadək) "YouTube"dan ən çox pul qazananların ilk onluğuna nəzər yetirək. On nəfər ümumilikdə 162 milyon dollar gəlir əldə edib. Və onların arasında iki azyaşlı var - Rayan və Nastya. Qeyd olunan dövrdə Rayan 26, Nastya isə 18 milyon dollar qazanıb. Rayan siyahının lideri, Nastya üçüncüsüdür.

8 yaşlı Kaci Rayan "YouTube"da üç yaşından bəri çıxış edir. İlk videolarında bir-birindən maraqlı və rəngarəng oyuncaqları qutularından çıxarıb nümayiş etdirirdi. Getdikcə püxtələşən Rayan videolarında elmi təcrübələr aparmağa başladı. Sonra "YouTube"dan kənara çıxaraq, 100-dən çox oyuncaqdan və geyimdən ibarət öz məhsulunu yaratdı. Onun "Nickelodeon" kanalında proqramı, "Hulu" ilə müqaviləsi var. Rayanın təkcə bir kanalında ("Rayanın dünyası") abunəçi sayı 23 milyondur.

Rusiyadan olan 5 yaşlı Nastya Radzinskaya atası ilə çəkildiyi klipləri sayəsində dünyanın ən sürətlə böyüyən "YouTube" ulduzlarındandır. "Legoland" və "Danon" kimi məşhur brendlər bunun fərqinə varan kimi qızcığaza sərfəli təkliflər göndəriblər və onunla işləmək istədiklərini deyiblər.

Anas Annanın sözlərinə görə, kanal yaratmaq ideyası 2015-ci ildə - şəxsi biznesləri böhran yaşaanda yaranıb. Ailə yeni bir şey sınamaq qərarına gəlib və "YouTube"da bir uşaq kanalı açıb. İlk videolar o qədər də populyarlıq qazanmayıb. Sonra oyuncaqları qutularından çıxartmaqdan daha maraqlı bir ideya yaranıb. Ailə dünyanın hər yerində attraksion parklarını gəzməyə və oradan maraqlı videolar çəkməyə başlayıb.

Ötən il Nastya valideynləri ilə Krasnodardan Florida ştatına köçüb və indi orada yaşayır. Yəqin ona görə ki, Floridada yüksək keyfiyyətli video çəkmək daha asandır.

SƏRMAYƏ VƏ KOMANDA...

Yeri gəlmişkən, videonun izləyiciyə çatdırılmasında keyfiyyət olduqca vacib rol oynayır. "YouTube" yalnız kanalın artan populyarlığına, kliplərin yayım tezliyinə deyil, həm də keyfiyyətə diqqət yetirir. Elə buna görə də bir videonun arxasında bütöv bir komanda dayanır - operatorlar, prodüserlər, redaktorlar, ssenaristlər.

Nastyanın valideynləri etiraf edirlər ki, ilk mərhələdə roliklərin ərsəyə gəlməsinə ayda 1-1,5 milyon rubl sərmayə qoyublar. Və bu sərmayə yalnız bir müddətdən sonra geri qayıdıb.

Uşaqların bu platformaya artan marağına baxmayaraq, "YouTube" cəmiyyətin və əlaqədar qurumların təzyiqlərinə görə uşaq videoları ilə bağlı siyasətini dəyişir.

Əvvəlcə pediatrlar həyəcan təbili çaldılar. Valideynlərə çağırış etdilər ki, uşaqların ekran qarşısında keçirdikləri vaxtı ciddi şəkildə məhdudlaşdırsınlar.

Uşaqların "YouTube"da populyarlığının çoxalması bu xidmətin həqiqətən tam hüquqlu bir "dayə" halına gəldiyini təsdiqləyir. Bu cür videolar artıq cizgi filmləri ilə rəqabətdə üstünlük qazanır. Bu, həm də ondan xəbər verir ki, valideynlər uşaqları ilə ünsiyyətlərinə getdikcə daha çox fasilə verirlər. Hər rolik orta hesabla 5-10 dəqiqə davam edir. Və satistikaya görə, uşaq bir dəfəyə 15-20 videoya baxa bilir.

Mütəxəssislərə görə, problem təkcə bu müddətdə uşağın beyninin inkişaf etməməsində deyil. Həm də ondadır ki, burada uşağın psixikasına zərər (intihar və depressiya və s. ilə əlaqəli mövzular) verən videolar da olur.

"YOUTUBE" SİYASƏTİNİ DƏYİŞİR

Nəticədə "YouTube" uşaq məzmununun yaradılması ilə bağlı 96 səhifəlik təlimat yayımladı. Uşaqları qəddarlığa sövq edən, qorxu və ya depressiyaya səbəb olan hər şey qadağan edildi. Lakin məsələ bununla bitmədi. Hazırda "YouTube" uşaq kanallarının qazanc əldə etmək imkanlarını məhdudlaşdırmaq üzərində işləyir. Və bunu Federal Ticarət Komissiyası ilə məhkəmədənkənar razılaşma əsasında edir. Komissiya "YouTube"u internetdə uşaqların şəxsi məlumatlarının qorunması haqqında qanunu pozmaqda günahlandırıb.

İlk addım kimi, 2020-ci ildən uşaq seqmentində hədəf reklamına qadağa qoyulacaq. Yeni qayda axtarış nəticələrinə də mənfi təsir göstərəcək. Bu səbəbdən uşaq videoları "Google" axtarış çubuğunun başında görünməyəcək. Bu, şirkətlərin əsasən videodan əvvəl göstərilən reklamlar hesabına əldə etdikləri qazanca birbaşa zərbədir.

Blogerlər yalnız kadrlardakı reklam oyuncaqlarından qazanc əldə etmirlər. Eyni zamanda görüntüdən əvvəl və görüntü zamanı izləyiciyə göstərilən reklamdan da qazanırlar. Reklamverənlər də uşaqların bir qayda olaraq, bu cür videolarda reklamları ötürməmələrindən (çoxu bunu necə etməli olduğunu bilmir) faydalanırlar.

UŞAQ VİDEOLARI DAHA QAZANC GƏTİRMƏYƏCƏK?

Beləliklə, bu cür reklamlara tam qadağa qoyulması uşaq seqmentindəki istehsalçılara - xüsusən valideynlərin və agentliklərin cibinə ciddi zərbə vuracaq. Onların gəlirlərinin nə qədər azalacağı hələ ki məlum deyil. Amma mütəxəssislər azalmanın 20 faizdən 90 faizə qədər ola biləcəyini proqnozlaşdırırlar.

Nastyanın anası deyir ki, böyük pullar qazansalar da, uşaq kanalını idarə etmək qətiyyən asan deyil: “Bəlkə kiməsə bu asan görünür. Əslində, məsələn, tikinti işindən yüz qat daha mürəkkəbdir. Əvvəlcə yaradıcılıq prosesi gedir. Ssenarini bir dəqiqə ərzində də düşünə bilərsiz, bir ay da baş sındırarsız. Sonra ssenaristin, rejissorun, redaktorun və operatorun işini birləşdirməlisən.

Hər hansı başqa işdə özünə bir gün tətil verə bilərsən. Telefonu söndürərsən, işi menecerə həvalə edib istirahətə gedərən. Bu işdə isə belə şey mümkün deyil. Cəmi bir gün olmasan, baxış sayı dərhal azalır. Bu, həm izləyicinin itirilməsi, həm də gəlirin azalması deməkdir".

KOSMONAVT, YOXSA "YOUTUBE" ULDUZU?

Anna deyir ki, hər şey göründüyü qədər asan deyil. Bir videorolikin çəkilməsi üçün həm maddi, həm fiziki cəhətdən hazırlıqlı olmalısan və heç bir halda ruhdan düşməməlisən: "Səhər tezdən oyanmaq, ssenarini yazmaq, film çəkmək, təşkilati məsələlər, videoya baxmaq... Hamı təəccüblə deyir ki, uşaq heç nə etmir və milyonlar qazanır. Halbuki uşaq yalnız aktyordur. Bizim kanalımız bizim iş yerimizdir. Bu, böyük bir komandanın işidir, onsuz heç bir şey olmaz".

Bütün bu çətinliklərə baxmayaraq, uşaqlar arasında "YouTube" ulduzu olmaq istəyənlərin sayı sürətlə artır. Bir vaxtlar kosmonavt olmağı arzu edən uşaqlar indi blogerliyə meyil salıblar.

Yeri gəlmişkən, "Harris Insights & Analytics" mərkəzi ABŞ, Britaniya və Çində məktəblilər arasında sorğu keçirib. ABŞ və Britaniyada 3 min şagirddən yalnız 11 faizi kosmonavt olmaq istədiyini deyib. Qalanları bloger olmağa can atdıqlarını etiraf ediblər. Çində isə nəticələr fərqli olub. Kosmonavt olmaq uşaqların 56 faizinin, bloger olmaq isə cəmi 11 faizinin arzusudur...

Tərcümə "MediaPost"-a məxsusdur




Xəbərlər departamenti

Gündəm