2 bankda əməliyyatlar dayandırılıb: kartlar bağlandı
29.04.2020 11:55 İqtisadiyyat

2 bankda əməliyyatlar dayandırılıb: kartlar bağlandı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin aprelin 27-də qəbul etdiyi qərarları ilə “AtaBank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrahbank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmuş, dünən isə bu banklardan ikisinin - "AtaBank" və "Amrahbank"ın lisenziyaları geri alınmışdı.

Digər iki bankda - “AGBank” və “NBCBank”da isə əməliyyatlar dayandırılıb. Sözügedən bankların müştəriləri istər əmək haqqı, istərsə də digər kart hesablarından vəsaitlərini çıxara bilmədiklərini bildirirlər.

"NBC Bank"dan "MediaPost"a verilən açıqlamada bildirildi ki, bütün plastik kartlar bloklanıb:

"Mərkəzi Bankın təyin etdiyi müvəqqəti inzibatçı tərəfindən "NBC Bank"da aparılan yoxlamalar səbəbindən bütün əməliyyatlar dayandırılıb".

"AGBank" isə açıqlamasında hazırda müvəqqəti olaraq bütün əməliyyatların dayandırıldığını və qısa müddət ərzində bərba olunacağını bildirdi.

Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, Mərkəzi Bank müvəqqəti inzibatçı təyin olunmuş banklarda əməliyyatlara blok qoymağa məcbur deyil və bunu yalnız məhkəmə yolu ilə edə bilər:

"Ümumiyyətlə, AMB belə hallarda adətən, məhkəməyə müraciət edir və məhkəmə vasitəsilə yoxlamaya götürülən bankların müştərilərinin onların hesablarından istifadəsinə moratorium qoyulur. Yeganə istisna bankın öz işçilərinin əməkhaqqı və pandemiyadan zərər çəkmiş sahibkarlara ödənən yardım məbləği olmalıdır".

Xəbərlər departamenti

Gündəm