"Zelenski hakimiyyətdən kənarlaşdırıla və Qərbə qaçırıla bilər" - “Maydan-3” ssenarisi ilə bağlı ŞOK DETALLAR
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, onu devirmək üçün “Maydan-3” əməliyyatı bu ilin sonunda baş tutmalıdır. Zelenski bu barədə “San” qəzetinə müsahibəsində deyib. Zelenski aydınlaşdırıb ki, guya bu əməliyyatı Rusiya xüsusi xidmət orqanları inkişaf etdirir. O, ölkədə “Maydan-3”ün keçirilməsi ilə bağlı məlumatı Ukrayna kəşfiyyatı və digər tərəfdaşlarından alıb. “Əsas məqsədin mənim fiziki olaraq aradan götürülməyimdir”, - deyə Zelenski bildirib.
Bəs görəsən, Zelenskinin sözlərində həqiqət varmı? Onun fiziki məhvi mümkün ola bilərmi?
Mövzunu "MediaPost"a şərh edən politoloq Elçin Mirzəbəyli bildirib ki, görünür Zelenski ölkəyə Pentaqon nümayəndələrinin və Avropa İttifaqı təmsilçilərinin səfərindən sonra bu qənaətə gəlib: "Bu ssenarinin gerçəkləşməsində indiki halda Ukraynanı meydanda tək qoyan Qərb tərəfdaşları daha çox maraqlı görünürlər. Çünki Ukraynaya real olaraq hərbi yardımların göstərilməsi istiqamətində addımlar atılmır. Son dövrlər ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qərarlarda, həm də Aİ rəsmilərinin müvafiq açıqlamalarında biz bu reallıqları görə bilirik. Eyni zamanda hərbi yardımlardan istifadə üçün insan resursları da lazımdır.
Təəsüflər olsun ki, son dövrlərdə Ukraynanın itkiləri daha da artıb. Hərbi mütəxəssislərin sayının azlığını da söyləmək mümkündür. Yəni, resusrlar tükənir və indiki şəraitdə Ukraynanın müharibəni davam etdirmək imkanı yoxdur. Bu baxımdan Ukraynanın hərbi rəhbərliyinin etiraflarını dilə gətirməsi real mənzərəni ortaya qoyur. İndiki şəraitdə Zelenskinin təslimçi sülhə razı olması və ərazi itkiləri ilə barışması daha qabarıq şəkildə görünməsə də, bu istiqamətdə müəyyən müzakirələrin aparıldığını söyləmək mümkündür. Digər tərəfdən, prezident seçkiləri ərəfəsində müəyyən mülahizələrin ortaya çıxması da baş verə bilər. Ola bilər ki, Zelenskini əvəzləyəcək şəxs Rusiya ilə danışıqlar prosesində iştirak etsin və Qərb özünün gözlədiyi kimi nəticəsi öncədən bəlli olan müharibədən öz simasını qismən qoruyaraq çıxsın. Amma əslində bu sima çoxdan itirilib".
Politoloqun sözlərinə görə, ya Zelenski hakimiyyətdən kənarlaşdırıla və Qərbə qaçırıla bilər, ya da onun ölkəni tərk etməsi üçün bəhanə formalaşdırılması mümkündür: "Maydan-3" hərəkatının baş tutması məsələsinə gəlincə, bu proses əslində Qərb tərəfindən başladılıb və nəticələri də ortadadır. Bu baxımdan Ukraynada hakimiyyətin ictimai etirazlar müstəvisində dəyişəcəyi real görünmür. Ola bilər ki, hakimiyyətdaxili parçalanmalar bu dəyişikliklərə müəyyən qədər yol aça bilsin. Amma ola bilər ki, bu, seçki yolu ilə də hakimiyyətin dəyişdirilməsinə səbəb olsun. Ona görə də, Zelenskinin nəyə əsasən belə bir fikir söyləməsi müəyyən şübhələr yaradır və müxtəlif ehtimalların ortaya çıxmasına səbəb olur".